Innovasiyalar Agentliyi
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi — yerli sahibkarlara müasir texnologiya və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərən, onların transferini təşkil edən, innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, o cümlədən startapları stimullaşdıran, onları qrant, güzəştli kredit və vençur vasitəsilə maliyyələşdirən agentlikdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 noyabr 2018-ci il tarixli 325 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 1885 nömrəli Fərmanı ilə "Elektron hökumət" portalı texniki-texnoloji infrastrukturu ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansına verilib.
Portal dövlət qurumlarının elektron xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına, vətəndaşların bu xidmətlərdən istifadəsinə, dövlət qurumlarının portala qoşulmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq sənədlər barədə qanunla müəyyən edilmiş qaydada informasiya əldə edilməsinə xidmət edir.
Portalın başlıca fəaliyyət istiqamətləri vətəndaşlar və dövlət qurumları arasında "bir pəncərə" prinsipini tətbiq etməklə, bütün xidmətlərin vahid platforma üzərindən elektron qaydada həyata keçirilməsini əhatə edir.
Portal vasitəsilə həm vətəndaş (G2C), həm sahibkar və biznes qurumları (G2B), həm də digər dövlət qurumları (G2G) istiqamətlərində xidmətlər həftənin bütün günləri fasiləsiz şəkildə həyata keçirilir.
Vətəndaşların rəqəmsal portfeli rolunu oynayan "myGov" elektron hökumət portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb.
"myGov"u əsas fərqləndirən xüsusiyyət, qabaqlayıcı hökumət konsepti əsasında fəaliyyət göstərməsidir. Vətəndaşlar "myGov" portalında (https://my.gov.az/) qeydiyyatdan keçərək öz şəxsi kabinetlərini yarada və burada dövlət qurumları tərəfindən verilmiş şəxsi məlumatları ilə tanış ola, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə bilirlər. Vətəndaş, həmçinin şəxsi kabinetindəki bütün növ əməliyyatlarının tarixçəsini (kabinetə giriş, giriş vasitəsi, xidmətlərdən istifadə, çıxış) izləmə imkanına sahibdir.